İri ticarət mərkəzləri işləmir - Valideynlər məktəb bazarlığını necə etsinlər?

12:26 03.09.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalır. Bu il “COVİD-19” pandemiyası ilə bağlı şagirdlər əyani formada təhsillərini fərqli tarixlərdə davam etdirəcəklər. Məsələn, ibtidai sinif şagirdləri ənənəvi təhsilə sentyabrın 15-dən, yuxarı sinif şagirdləri isə oktyabrın 1-dən başlayacaq.

Təhsil naziri Emin Əmrullayev bəyan edib ki, ibtidai siniflərdə əyani təhsil sentyabrın 15-də başlasa da, uşaqların hamısı eyni gündə dərsə getməyəcək. Tutaq ki, sinifdə uşaq çoxdursa, onlar iki qrupa bölünəcək və hər qrup üçün həftədə iki və ya üç gün təyin ediləcək. Övladının hansı gün dərsə gedəcəyi barədə məlumatı valideynlər dərslərin başlanmasından bir həftə əvvəl məktəbdən ala biləcəklər və məktəblər də öz növbəsində bu məlumatı valideynlərə çatdıracaq. 5-9, 10 və 11-ci sinif şagirdlərinin dərsləri 15 sentyabrdan onlayn qaydada başlayır. 1 oktyabrdan 5-9-cu siniflərin əyani şəkildə məktəbə gəlməsi, 15 oktyabrdan isə 10 və 11-ci siniflərin məktəbə qayıtması planlaşdırılır. Prosesin mart ayına qədər bu cür davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, valideynlərə övladlarının məktəbə gəlmə qaydası ilə bağlı seçim imkanı da veriləcək. Valideynlər ya onlayn təhsili, ya da həftədə 2 və ya 3 dəfə məktəbə gələrək əyani təhsil almağı seçə biləcəklər.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayevin bu məlumatları ictimaiyyətlə bölüşməsindən sonra validenylər də məktəb üçün lazım olan ehtiyacları qarşılamaq üçün tədarükə başlayıblar. Bu il valideynlərə məktəb bazarlığı etmək heç də asan başa gəlməyəcək. Hazırda pandemiya ilə əlaqədar iri ticarət mərkəzləri bağlı olduğundan bazarda həm çeşid azdır, həm də qiymətlər iki dəfəyə qədər bahalaşıb. Bu isə valideynləri əməlli-başlı çıxılmaz vəziyyətə salıb. Ailələrin əksəriyyəti övladlarını məktəbə ötən ilki forma və çantalarla yola salmağı düşünür. Paytaxtda hər il müxtəlif ərazilərdə ənənəvi olaraq təşkil edilən məktəbli yarmarkasından isə hələlik bir xəbər yoxdur.

Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində  məktəblərin açılması ilə bağlı uşaqlara geyim və məktəb ləvazimatlarının alınması üçün ənənəvi qaydalardan, o cümlədən yarmarkaların təşkil olunması metodundan istifadə oluna biləcəyini demişdi.

H.Hacıyev bildirmişdi ki, hələlik böyük ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur: “Müəyyən yarmarkalar təşkil oluna bilər. Ancaq iri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur. Tələskənlik əldə edilmiş müsbət tendensiyada əks effekt verə bilər”.

Mövzu ilə bağlı hafta.az-a danışan təhsil eksperti, Təhsil Nazrliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib ki, hazırda valideynlər satış obeyktləri ilə bağlı ehtiyatlı olmalıdırlar:

“İndi bütün dünya pandemiya şəraitində yaşayır. Təhsillə bağlı da qey-müəyyənlik hökm sürür. Düzdür, Azərbaycanda yeni tədris ilinin necə başlaya biləcəyi ictimaiyyətə açıqlanıb, amma bunların hamısı təkliflərdir. İndi elə bir şəraitdə yaşayırıq ki, əvvəlcədən nəyisə proqnozlaşdırmaq çətindir. Sentyabrın 15-dək ölkədə epidemioloji vəziyyətin necə olacağını bilmirik. Təbii ki, belə bir şəraitdə orta ümumtəhsil məktəblərinə gedəcək şagirdlər üçün hansısa tələb qoyula bilməz. Tutaq ki, “forman niyə yoxdur, dəftərin niyə azdır” kimi tələbləri unutmalıyıq. İndi hamı bir-birinə anlayışla yanaşmalıdır. Şura olaraq bizim də birmənalı şəkildə fikrimiz budur ki, çatışmazlıqlara anlayışla yanaşaq”.

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Pərviz Heydərov  deyib ki, adətən, hər ilin doqquzuncu ayında əhalinin  xərclədiyi vəsaitin məbləği ən yüksək həddə çatır:

“Bu, normal bir haldır. Yeni mövsüm başlayır, insanlar məzuniyyətdən işə qayıdırlar, məktəblər açılır və s. Bu isə istər-istəməz vətəndaşların xərclərinə ciddi təsir göstərir. Təbii ki, 2020-ci ildə vəziyyət xeyli fərqlidir, dünya iqtisadiyyatında geriləmələr var, pandemiya ilə bağlı idxal-ixrac əməliyyatları tam bərpa olunmayıb, ticarət və xidmət sektorunda durğunluq hökm sürür. Azərbaycanda da eyni vəziyyət müşahidə olunur. Belə bir şəraitdə isə bazarda tələb təklifi üstələdiyindən qiymətlər də artır. Bu məsələnin obyektiv tərəfidir. Nəzərə almaq lazımdır ki, bizdə həmişə qiymətlərin artmasına subyektiv amillər də təsir göstərib. Buna görə də bazarda məktəb ləvazimatlarının bahalaşması gözlənilən haldır. Bunun yeganə çıxış yolu iri ticarət mərkəzlərinin, malların açılmasıdır. Hesab edirəm ki, hökumət bu məsələni nəzərdən keçirməlidir. Əks halda qiymət artımının qarşısını almaq qeyri-mümkündür . Yəni, paytaxtın ayrı-ayrı ərazilərində məktəbli yarmarkaları açılsa belə, həmin yarmarkalar mövcud tələbatı ödəmək iqtidarında olmayacaq”.

Yeri gəlmişkən, Bakı Şəhər Ticarət və Xidmət Departamentindən hafta.az-a bildiriblər ki, sözügedən quruma məktəb yarmarkalarının açılması ilə bağlı

çoxsaylı müraciətlər daxil olub. Hazırda bu məsələ müzakirə mərhələsindədir. Amma yarmarkaların nə vaxt açılacağı ilə bağlı dəqiq tarix məlum deyil.

Qeyd edək ki, hər il tədris ili ərəfəsində Bakıda məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları təşkil olunurdu. Ötən il də yarmarka çadırları Bakı Metropoliteninin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə fəaliyyət göstərib. Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etməkdir.

Sosial rubrikasından digər xəbərlər